08/09/2023
"Hüquq-mühafizə orqanlarına edilən şikayətlərin bəzilərində əslində məhkəmə predmetinin olmadığı, bir şəxsin kimisə süründürmək, narahat etmək istədiyi üçün bu addımı atdığı ortaya çıxır. Nəticədə ərizəyə baxan orqanın iş yükü çoxalır”.
Bunu TNS-ə vəkil Əfifə Əsgərova deyib.
Vəkil bildirib ki, son illərdə məhkəmə rüsumlarının artması, “Mediasiya haqqında” qanunun qüvvəyə minməsi tərəfləri ərizə vermədən öncə xərclər barədə də düşünməyə vadar edir, perspektivinin olmadığı şikayətdən çəkindirir: “Mediasiya proseslərində barışıq sazişlərinin bağlanması tərəflər arasında olan uzunmüddətli çəkişməni məhkəməyə çatmadan sonlandırır. Bu da tərəflərin vaxtının qənaətinə, məhkəmələrin iş yükünün azalmasına müsbət mənada təsir edir".
Əfifə Əsgərova deyib ki, ailə münaqişəsi ilə bağlı şikayətlərin əksəriyyəti böyük dramları ortaya çıxarır: “Belə işlərdən birində maddi durumu ağır olan qadın istəməsə də, övladının atasının himayəsinə verilməsinə razı olmuşdu. Sonradan uşağını görə bilmək üçün keçmiş həyat yoldaşı ilə barışan bu qadının ailə həyatı faicə ilə nəticələnmişdi. Ərinin işgəncələrinə dözmədiyi üçün onu bıçaqlamışdı, azadlıqdan məhrum edilmişdi”.
Mediasiya Şurasının üzvü olan Əfifə Əsgərovanın sözlərinə görə, çox zaman kiçik bir mübahisə faciələrə səbəb olur: “Bir cinayət işində ər-arvad arasında televiziya kanalının dəyişdirilməsnə görə başlanan mübahisə onlardan birinin qətli ilə nəticələnmişdi. Əhəmiyyətsiz bir mübahisədə ailənin bir üzvü ölür, digəri gənc yaşda həbsə düşür. Bu da onu göstərir ki, ağır nəticələrə gətirib çıxaran bir çox mübahisənin kökündə yüksək eqo, təmkinsizlik və səbrsizlik durur”.
Source: https://tns.az/cemiyyet/26245-vekil-televiziya-kanalinin-deyishdirilmesine-gore-qetl-toredillirse/