«VİZA» Hüquq Firması

«VİZA»  Hüquq Firması «VİZA» Hüquq Firması / Ünvan: Bakı, AZ 1000, Nizami küç. 58, m. 1 / Telefon: (+994 12) 498-

13/03/2026

Məhkəmə-Hüquq Şurasının sədri cənab İnam Kərimova
Vəkil İsmayılov Aslan Ziyəddin oğlundan

Ə R İ Z Ə

Tərəfimdən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Rəşad Şəmşir oğlunun qanunsuz hərəkətləri ilə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət edilmişdir. Həmin müraciətə cavab olaraq 27 fevral 2026-cı il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən hakimlər toxunulmazdır və qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Məhkəmə-Hüquq Şurasına hər hansı təqdimat daxil olmamışdır.

Bildirirəm ki, Konstitusiyamızın hakimlərin toxunulmazlığı ilə bağlı müddəaları mənə məlumdur və bu məsələnin cinayət-prosessual qaydada həll olunmasının Baş Prokurorluğun təqdimatı ilə mümkün olduğunu anlayıram. Lakin müraciətimdə göstərilən hallar yalnız cinayət məsuliyyəti məsələsi ilə məhdudlaşmır və eyni zamanda hakim etikası, vəzifə səlahiyyətlərindən sui-istifadə və ədalət mühakiməsinin nüfuzuna xələl gətirən davranışlarla bağlı olduqca ciddi faktları ehtiva edir.

Belə ki, 02 oktyabr 2017-ci il tarixdə həmin vaxt Binəqədi Rayon Məhkəməsində hakim vəzifəsində çalışan Rəşad Əliyev tərəfindən kimlərinsə sifarişi ilə mənim barəmdə əsassız və həqiqətə uyğun olmayan məlumatlar təqdim edilmiş, məhkəmənin əməkdaşları ilə birlikdə şər və böhtan xarakterli akt tərtib olunaraq cinayət məsuliyyətinə cəlb edilməyim üçün hüquq-mühafizə orqanlarına müraciət edilmişdir. Məhz həmin müraciət əsasında barəmdə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanmış və uzun müddət davam edən istintaq və məhkəmə araşdırmaları aparılmışdır.

Qeyd edilən ittihamlar əsasında mən Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli hökmü ilə 02 (iki) il müddətinə islah işləri və 1.500 manat məbləğində cərimə cəzalarına məhkum edilmişəm. Sonradan verilən şikayətlər üzrə cinayət işinə apellyasiya və kassasiya instansiyalarında baxılmış, nəhayət, Ali Məhkəmənin 18 mart 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 03.10.2019-cu il tarixli qərarı ləğv edilmiş və əməlimdə cinayət tərkibinin olmadığına görə cinayət təqibinə xitam verilmişdir.

Ali Məhkəmənin bu qərarı faktiki olaraq barəmdə irəli sürülmüş ittihamların əsassız olduğunu və cinayət işinin başlanmasına əsas olmuş məlumatların etibarlı sübutlarla təsdiq edilmədiyini ortaya qoymuşdur. Bu isə öz növbəsində həmin cinayət təqibinin başlanmasına səbəb olmuş məlumat və izahatların obyektivliyinə ciddi şübhələr yaradır.

Cinayət işinin materialları ilə tanışlıq zamanı aydın görünür ki, mənim əleyhimə irəli sürülmüş ittiham hakim Rəşad Əliyevin və digər şəxslərin izahatlarına əsaslanmış və həmin iddiaları təsdiq edən hər hansı obyektiv sübutlar mövcud olmamışdır. Hətta istintaq gedişində əleyhimə ifadə vermiş bəzi şəxslərin hadisə zamanı ümumiyyətlə məhkəmədə olmadığı da müəyyən edilmişdir.

Hesab edirəm ki, hakim Rəşad Əliyevin bu hərəkətləri ən azı hakim adına yaraşmayan davranış kimi qiymətləndirilməli, onun tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsinin və vətəndaşın əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması üçün şərait yaradılmasının səbəbləri ciddi araşdırılmalıdır.

Xüsusilə nəzərə alınmalıdır ki, bu hadisələr nəticəsində mən uzun müddət əsassız cinayət təqibinə və məhkəmələrdə müdafiə olunmağa məcbur qalmışam və peşə fəaliyyətimə, şəxsi nüfuzuma və hüquqlarıma ciddi zərər dəymişdir. Mənə vurulmuş mənəvi ziyan isə ölçülməzdir.

Bütün bunlara baxmayaraq, həmin hadisələrin bilavasitə təşkilatçısı və iştirakçısı olmuş Rəşad Əliyev hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri kimi məsul vəzifə tutur. Hesab edirəm ki, belə halların mövcudluğu məhkəmə hakimiyyətinə olan ictimai etimada mənfi təsir göstərir və bu cür şəxsin yüksək məhkəmə vəzifəsində fəaliyyətini davam etdirməsi yolverilməzdir. Bu cür mənəvi keyfiyyətlərə sahib olan şəxsin hakim kürsüsündə əyləşməsi ədalət adına utancdır.

Qeyd olunanlara əsasən hesab edirəm ki, məsələ yalnız cinayət məsuliyyəti aspektindən deyil, eyni zamanda hakim etikası, hakim davranışı və məhkəmə hakimiyyətinin nüfuzunun qorunması baxımından da Məhkəmə-Hüquq Şurası tərəfindən araşdırılmalıdır. Əminəm ki, cinayət işinə ötəri baxan hər kəs R. Əliyevin saxtakar olmasını açıq-aydın görəcək.

Qeyd olunanları nəzərə alaraq Sizdən
XAHİŞ EDİRƏM:

1. Hakim Rəşad Şəmşir oğlu Əliyevin hərəkətləri ilə bağlı göstərilən halların Məhkəmə-Hüquq Şurası tərəfindən hərtərəfli araşdırılmasını;
2. Onun fəaliyyətinin hakim etikası və vəzifə davranışı qaydaları baxımından hüquqi qiymətləndirilməsini;
3. Araşdırmanın nəticəsindən asılı olaraq hakim Rəşad Əliyev barəsində intizam tədbirlərinin görülməsi və tutduğu vəzifədən kənarlaşdırılması məsələsinə baxılmasını təmin edəsiniz.

Hörmətlə,
Vəkil Aslan İsmayılov

27/12/2025

Vəkillik sadəcə bir peşə deyil, hüququn canlı müdafiəsi, insan ləyaqətinin təminatı və məhkəmədə tərəflər arasında bərabərliyin real mexanizmidir. Ədalətli məhkəmə araşdırması yalnız müstəqil və qərəzsiz məhkəmə ilə deyil, peşəkar, prinsipial və məsuliyy...

27/12/2025

Sabah Azərbaycan vəkillərinin peşə bayramıdır - Vəkil Günüdür. Bu münasibətlə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının bu peşəyə sadiq bütün üzvlərini təbrik edib, bu çətin və şərəfli peşədə hamıya uğurlar arzulayıram. Həyatımın ən çətin və ən maraqlı hissəsi vəkilliklə bağlıdır. Ömrümün böyük bir hissəsini Azərbaycanda vəkillik institutunun formalaşmasına, müstəqil olmasına həsr etdim. Ən əsası isə vəkillik fəaliyyətinə başlayan gənclərə araçılıq, dəllallıq etməməklə də tanınmış, hörmət sahibi olmağı göstərdim. Əlbəttə, bu çox çətin yoldu. Ancaq keçmiş SSRİ-dən qalmış vəkillik mirasını da asan yolla sıradan çıxartmaq mümkün deyildi. Əminəm ki, bu yolu hələ uzun illər keçməli olacağıq və ölkəmizdə dünyada olan kimi vəkilliyi ən hörmətli peşəyə çevirəcəyik. Azərbaycanda da ən yüksək vəzifə tutan hüquq-mühafizə, məhkəmə işçilərinin ən böyük arzusu sonda vəkil olmaq olacaq.

Bu gün çox şadam ki, Azərbaycanda mənim başladığım vəkil heyətindən bu günkü vəkil heyəti ilk növbədə öz savadı, prinsipiallığı və qanunu qorumaqda qətiyyəti ilə seçilir. Ən çox fərq isə yaş məsələsindədir. Əgər əvvəllər vəkillikdə olanların mütləq əksəriyyəti yaşlı, məhkəmə, prokurorluq, polis və digər orqanlara işə düzələ bilməyənlər, yaxud həmin orqanlardan qovularnlar idisə bu gün əksinədir. Vəkilliyə ən yüksək savada malik olan gənclər, bəzi hallarda isə məhkəmədə, prokurorluqda, polisdə öz xahişləri ilə vəzifələrindən gedənlər gəlirlər. Tam əminliklə deyirəm ki, ölkədə qanunun aliliyinə, ədalətin qələbəsinə birinci növbədə güclü vəkillik institutu ilə nail olmaq olar.

Sonda bu gün Vəkillər Kollegiyasının üzvlərini vəkillik günü ilə əlaqədar keçirdikləri ağacəkmə kampaniyasına görə təbrik edib, bu tədbirdə zəhməti olan hər bir şəxsə təşəkkür edirəm.

05/06/2025

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti çərçivəsində müflisləşmə prosesində olan hüquqi şəxsləri təmsil edən nümayəndələr (vəkillər) üçün müqavilə və orderlərin elektron tərtib olunması mümkündür.

Ətraflı: https://justice.gov.az/news/3936

Son vaxtlar Azərbaycanda vətəndaşların bələdiyyələrdən şikayətlərinin sayı xeyli artıb. İnsanlar özünüidarə orqanlarının...
12/09/2024

Son vaxtlar Azərbaycanda vətəndaşların bələdiyyələrdən şikayətlərinin sayı xeyli artıb. İnsanlar özünüidarə orqanlarının mümkün olan hər kəsə əmlak vergisi borclarını ödəmələri haqqında hədələyici tələblər göndərməsindən, əks halda onları cərimələrlə, ölkədən çıxışa qadağalarla, avtomobillərinə həbs qoyulması ilə və s. təhdid etmələrindən şikayətlənirlər. Bəs əslində nə baş verir?

E-huquq.az portalı əhalinin bütün təbəqələri üçün hüquqi məsələlər, məhkəmə və hüquq-mühafizə orqanlarının işi üzrə müstəqil informasiya platforması kimi fəaliyyət göstərir.

19/12/2023

Əziz səhifə izləyiciləri!

1995-ci il «VİZA» Hüquq Firması təsis etdiyim gündən son vaxtlara qədər firmanın hesabına minlərlə vətəndaşa pulsuz hüquqi xidmət göstərmişik. Özü də bu pulsuz hüquqi xidmət qrantlar hesabına göstərilən pulsuz hüquqi xidmətlərdən fərqli olub. Ona görə ki, “VİZA” Hüquq Firması, yaxud özüm, heç vaxt, heç bir təşkilatdan qrant, yaxud digər maddi yardım almadan imkansız vətəndaşlara təmənnasız hüquqi xidmət göstərmişik. Bu işi görəndə heç bir marağım olmayıb, etdiklərimə peşman deyiləm və bu sahədəki əməyimi hamıya halal edirəm.

Bundan sonra ictimai fəaliyyətimi əhəmiyyətli dərəcədə azaldıb vəkilliklə məşğul olmağa üstünlük verəcəm. “Aslan İsmayılov və partnyorları”, nə də özüm pulsuz hüquqi xidmət göstərməyəcəyik. Hesab edirəm ki, uzun illər bu sahədə göstərdiyim fəaliyyətimi və keçirdiklərimi nəzərə alıb bu qərarı anlayışla qarşılayacaqsınız.

Bildirirəm ki, artıq “VİZA” Hüquq Firması fəaliyyətini dayandırıb və mən işimi “Aslan İsmayılov və partyorları” vəkil bürosunda davam etdirirəm. “Aslan İsmayılov və partnyorları” vəkil bürosunda mənimlə birlikdə savadına, dürüstlüyünə inandığım digər peşəkar vəkillər də fəaliyyət göstərirlər. Bu günə qədər Azərbaycanda vəkillik institutunun layiqli yer tutması, hörmətli peşəyə çevrilməsi istiqamətində apardığım fəaliyyətimi bundan sonra da davam etdirəcəm.

Aslan İsmayılov və partnyorları Vəkil Bürosunda cinayət, mülki, əmlak və hüququn digər sahələrini mükəmməl bilən təcrübəli vəkillər fəaliyyət göstərirlər. Sizi əmin edirəm ki, “Aslan İsmayılov və partyorları” vəkil bürosu fəaliyyətində peşəkarlığı, obyektivliyi və müştərinin hüquqlarının qorunmasını hər şeydən üstün tutacaq.

Address

Nizami Küçəsi 58, Mənzil 1
Baku

Alerts

Be the first to know and let us send you an email when «VİZA» Hüquq Firması posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to «VİZA» Hüquq Firması:

Share