law.philosophy

law.philosophy • Hüquq və onun fəlsəfəsi.
• Hüququn ağ və qırmızı səhifələri...

Martin Loughlin, günümüzün İctimai Hüquq (Public Law) sahəsində ixtisaslaşmış ən tanınmış akademiklərindən biridir. O, T...
21/08/2023

Martin Loughlin, günümüzün İctimai Hüquq (Public Law) sahəsində ixtisaslaşmış ən tanınmış akademiklərindən biridir. O, The Idea of Public Law (2003), Foundations of Public Law (2010), The British Constitution: A Very Short Introduction (2013), Political Jurisprudence (2017) və Against Constitutionalism (2022) kimi olduqca məşhur olan və maraqlı arqumentlər irəli sürən əsərlərin müəllifidir. Ümumən, qeyd etmək mütləqdir ki, Martin Loughlin, fikirləri ciddi müzakirələrə yol açan və kifayət qədər dəyərli bir intellektualdır. Müasir hüquq fəlsəfəsi sahəsində Loughlin-in yazılarına biganə qalmaq demək olar ki, mümkünsüzdür. Onun hər bir əsəri oxunmağa dəyərdir. Lakin 2022-ci ildə nəşr olunan Konstitusionalizmə Qarşı (Against Constitutionalism) adlı kitabı onun əsərləri içində bəlkə də, hüquq sferasında ən ciddi diskussiyalara səbəb olan yazısıdır. Kitabın adı ilk baxışdan olduqca qəribə səslənir. Oxucuda ilk öncə istər-istəməz belə bir sual yaranır: “Necə yəni, Martin Loughlin kimi bir intellektual təməl insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmini təsbit etməsi məqsədilə ərsəyə gətirilmiş Konstitusiya və Konstitusionallaşma prosesinə qarşı bir yanaşma tərzinəmi sahibdir?” Əslində, Loughlinin izah etməyə çalışdığı nüans başqadır.

Ardı rəylərdə 👇

Qeyd: Şübhə yoxdur ki, barəsində bu qədər geniş müzakirələr aparılmış bir mövzunun hüquqi və əxlaqi cəhətdən ətraflı şək...
20/07/2023

Qeyd: Şübhə yoxdur ki, barəsində bu qədər geniş müzakirələr aparılmış bir mövzunun hüquqi və əxlaqi cəhətdən ətraflı şəkildə analiz edilməsi olduqca detallı və geniş bir yazı tələb edir. Bu yazıda isə əsas məqsəd görkəmli yazıçı Viktor Hüqonun “Edama Məhkumun Son Günü” adlı əsərindəki edam cəzası haqqında hüquqi və əxlaqi kontekstdən olan fikirlərini təhlil etməkdir.





İnsanoğlu, əqli formalaşma prosesini başa vurduğu andan başlayaraq, bir nizam, müəyyən qaydalara, tələblərə tabe edilmiş bir quruluş yaratmaq və bu quruluşun mövcudatını var gücü ilə qoruyub saxlamaq üçün çalışmaqdadır. Bu səylərin nəticəsində, tarix boyu, kortəbii insan qruplaşmaları, tayfalar, qəbilələr, şəhərlər, şəhər dövlətləri və son olaraq, daha böyük əraziləri əhatə edən və günümüzdə də var olan dövlətlər ortaya çıxmışdır. Heç şübhəsiz ki, tarixi inkişaf prosesinin ayrılmaz bir parçası olan və intizamlı bir sistemə tabe tutulmuş bu ictimai-siyasi quruluşların var olması insanlar arasında anarxiyanın qarşısının alınmasında zəruri rol oynamışdır və bugün də bu funksiyasını saxlamaqdadır.

Nizam-intizamlı bir sistem dedikdə, ağıla ilk öncə nə gəlir? Əlbəttə ki, bu quruluşun süqutunun qarşısını almaq, ona müdaxilə etmək istəyən, onun tələblərindən kənara çıxaraq pozucu davranışlara əl atanların qarşısını almaq məqsədi daşıyan qaydalar, qanunlar. Kiçik və mərkəzləşməmiş insan birlikləri daxilində baş verə biləcək qarışıqlığa mane olmaq və birliyin vahidliyini təmin etmək üçün həmin qruplara öndərlik edən şəxslərə adətən mənəvi/əxlaqi qaydalara müraciət etmək yetərli olmuşdur. Fəqət insan sayı artdıqca və quruluşun əhatə etdiyi ərazi genişlədikcə böyük bir siyasi sistem olaraq tarix səhnələrində ortaya çıxan dövlətlərdə artıq mənəvi/əxlaqi qaydalar yetərli olmamağa başlamışdır. Çünki cəmiyyət genişləndikcə, müxtəlif düşüncə tərzinə sahib insanların sayı da artmış və bu səbəblə də, standart əxlaqi/mənəvi tələblər hər bir fərd tərəfindən eyni dərəcədə qəbuledilən hesab edilməmişdir.

Ardı rəylərdə👇

20/07/2023
Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Bu olduqca primitiv...
19/01/2023

Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Bu olduqca primitiv bir cümlədir. Yaxşı, bəs nədir azadlıq? Ümumiyyətlə, azadlıq hüquqdurmu? Bu qəbildən olan suallar uzun zamandan bəri həm hüquq, həm də fəlsəfə müstəvisində uzun müzakirə mövzusu olmuşdur. Xüsusən, İkinci Dünya Müharibəsindən sonra insan hüquq və azadlıqları məsələsinə daha çox önəm verilməyə başlandı. Azadlıq anlayışı hər kəs üçün müxtəlif mənalar kəsb edə bilər. Lakin ən sadə şəkildə, bir fərdin heç kəsdən asılı olmadan, öz istəyinə müvafiq şəkildə qərarlar vermək, hərəkət etmək imkanına sahib olması azadlıq hesab edilir. Günümüz dünyasında isə, təəssüf ki, çoxları üçün azadlıq sadəcə olaraq insanın heç kəslə hesablaşmadan, heç bir məsuliyyəti üzərinə götürmədən hər istədiyini etməsi, istədiyi kimi yaşamasıdır. Lakin heç kəs durub sorğulamır ki, bəs həqiqətən də azadlıq bu qədər sadədirmi? Azad olmaq bu qədər asandırmı? Azad olmaq, özü ilə heç bir öhdəlik, məsuliyyət gətirmirmi? Böyük ehtimalla, bu gün bu suallara cavab axtarmaq fikrinə düşən hər on orta statik azərbaycanlıdan səkkiz-doqquzu xarici mənbələrə, xarici müəlliflərin, düşünürlərin kitablarına, məqalələrinə nəzər salmaq qərarına gəlir. Əfsuslar olsun ki, bu araşdıranların böyük bir qismi azərbaycanlı bir müəllifin, azadlıq məfhumunu sadəcə 140 səhifəlik bir əsərdə olduqca sadə dildə və ətraflı şəkildə açıqladığından xəbərdar deyil.

Adı çəkilən, Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Əhməd bəy Ağaoğlu tərəfindən yazılmış “Sərbəst İnsanlar Ölkəsində” əsəridir. Müəllif bu kiçik həcmli kitabında azadlıq anlayışına bəlkə də çoxlarının ağlına belə gəlməyəcək qədər fərqli və detallı şərh verir. Onun bu yanaşmasında fəlsəfi, hüquqi, siyasi və bəşəri ünsürlər vəhdət təşkil edir. Kitabı oxuyub bitirdikdən sonra, Əhməd bəyin necə böyük bir mütəfəkkir olduğu bir daha öz təsdiqini tapır.

Ardı rəylərdə 👇

10/11/2022

İsveç Konstitusiyasının 1-ci maddəsində və 2-ci maddəsinin ilk abzasında müvafiq olaraq qeyd edilir:

Maddə 1

İsveçdə dövlət hakimiyyəti tamamilə xalqdan gəlir. İsveç demokratiyası fikrin azad formalaşdırılmasına, ümumi və bərabər seçki hüququna əsaslanır. O, nümayəndəli və parlamentli idarəetmə forması və yerli özünüidarəetmə vasitəsilə formalaşır. Dövlət hakimiyyəti qanun əsasında həyata keçirilir.

Maddə 2 (ilk abzas)

Dövlət hakimiyyəti hamının bərabər dəyərinə, fərdin azadlığına və ləyaqətinə hörmətlə yanaşaraq həyata keçirilməlidir. Fərdin şəxsi, iqtisadi və mədəni rifahı ictimai fəaliyyətin əsas məqsədləri olmalıdır. Xüsusilə, dövlət qurumları iş, mənzil və təhsil hüququnu təmin etməli, sosial qayğı və sosial təminat, sağlam həyat (xoş güzəran) üçün əlverişli şərait yaratmalıdırlar.

Yəqin ki, futbolla az-çox maraqlananlar “Més que un Club” ifadəsi ilə tanışdırlar. İspan dilindən tərcümə edildikdə, “Bi...
12/09/2022

Yəqin ki, futbolla az-çox maraqlananlar “Més que un Club” ifadəsi ilə tanışdırlar. İspan dilindən tərcümə edildikdə, “Bir klubdan daha çox(u)” mənası verən bu deyim İspaniya ərazisindəki Kataloniya bölgəsinin əsas futbol komandası olan Barselonanın şüarıdır. Tarix boyu özlərini ayrı bir xalq hesab edən, müstəqil olmağa çalışan və ispan milliyyətçiliyinə qarşı duran kataloniyalılar bu şüarı həyatlarının bir parçası ediblər. Bu ifadədən “Club” sözünü çıxarıb yerinə “película” sözünü əlavə etdikdə, “Més que un película”, yəni “Bir filmdən daha çox(u)” deyimi ortaya çıxır. Bəli, “Bir filmdən daha çox(u)”. Əgər dünyada belə bir ünvanın veriləcəyi bir neçə film varsa, bunlardan biri şübhəsiz ki, 1957-ci ildə çəkilmiş “12 Qəzəbli Adam” filmidir. Baxmayaraq ki, bu film 65 il əvvəl ərsəyə gəlmişdir və hadisələr sadəcə balaca bir otaqda baş verir, demək olar ki, hər zaman hüquqi, psixoloji və fəlsəfi müstəvidə müzakirə olunan bir neçə məsələyə məntiqli, humanist və düşündürücü aspektlərdən nəzər yetirilmişdir. Təəccüblü olan isə odur ki, həmin 12 nəfərin danışdığı, haqqında mübahisələr etdiyi mövzular bu gün də öz aktuallığını qorumaqdadır. Filmdə çoxlu detal olmasına rəğmən, yürüdülmüş ən əhəmiyyətli və dəyərli fikirləri vurğulamaq daha məqsədəmüvafiq olardı. Bundan öncə isə filmin mövzusunu qısa şəkildə açıqlamaq gərəklidir.

Filmdə öz atasını bıçaqla öldürdüyü iddia edilən 18 yaşlı gənc bir oğlan məhkəmə qarşısına çıxarılmışdır. Oğlan və atası kasıb və təhlükəli bir məhəllədə yaşayıb və çətin həyat sürüblər. ABŞ ingilis ümumi hüquq (common law) sisteminə daha yaxın olduğu üçün, ABŞ məhkəmələrində də hüquqşünas olmayan 12 nəfər andlı iclasçı iştirak edir. Burada da həmin gəncin taleyini həll etmək üçün əsasən 12 nəfər andlı iclasçı bir yerə toplaşır. Onların söhbətləri sonunda əldə edəcəkləri qərar gəncin həyatının qalan hissəsini müəyyən edəcək. Əgər oğlanı müqəssir hesab etsələr, onu həyatına elektrikli stula bağlayaraq son veriləcək. Lakin vacib ünsür odur ki, onların qənaəti yekdil olmalıdır, əgər bir nəfər belə fərqli düşüncəyə sahib olarsa, qərar qəbul edilə bilməz. Beləliklə, onlar kiçik bir otağa keçirlər və hər kəs öz nömrəsinə uyğun stula əyləşdikdən sonra səsvermə başlanır. 11 nəfər gəncin təqsirli olduğuna əl qaldırır, yalnız 1 şəxs, 8 nömrəli stulda oturan andlı iclasçı əl qaldırmır. Hamı narazılıq edərək onun işi ləngitdiyini və bunun mənasız olduğunu deyir. O qeyd edir ki, “mən də oğlanın günahsız olduğundan əmin deyiləm, lakin bir insan həyatını belə asanlıqla silib ata bilmərik, müzakirə edib, buna aydınlıq gətirmək lazımdır”. Onun bu hərəkəti heç kəsi razı salmır, hamı bir ağızdan şikayətlənir, amma qanuna uyğun olaraq, yekdil qənaət əldə edilənə qədər otaqda qalmaq məcburiyyətində olduqlarını da bilirlər. Nəticədə, 8 nömrəli iclasçı saatlarla olan səyləri, işi çox dərin aşardırması və inadkarlığı sayəsində hər kəsi oğlanın günahsız olduğuna inandırmağı bacarır və film başa çatır. (Əlbəttə ki, bu, çox sadə və ətraflı olmayan bir icmaldır, filmi tam anlatmaq üçün lazım olan yazı məqaləni həddən artıq uzun edəcəyi üçün bir neçə qısa cümlə məqbul hesab edilə bilər.) İndi isə filmin izləyicilərə çatdırmağa çalışdığı bir neçə məqama göz atmaq yerinə düşərdi.

1. Situasiyanın özəyində insan taleyinin, həyatının həlli dayanırsa, bunu beş dəqiqəyə etməməlisən...

Filmdə münsiflər heyətinin hər biri gündəlik həyatlarında fərqli peşə sahibləridirlər və 8 nömrəli iclasçıdan başqa hamı işi tezliklə yoluna qoyub öz biznesi ilə məşğul olmağa davam etmək istəyir. Buna görə də arzu edirlər ki, məsələni 5 dəqiqəyə bitirsinlər. Əslində, iclasın sədri, başlamazdan əvvəl, bu sözləri ilə problemin önəmini bildirir: “centlmenlər, nəzərə alın ki, söhbət bir gəncin həyatından gedir və biz onu müqəssir hesab etməklə elektrik stuluna göndərmiş olacağıq”. Fəqət bu, çoxlarının vecinə belə deyil. Onları burada itirdikləri vaxt maralandırır, insan taleyi yox. Kimi biznesindən nigarandır, kimi havanın istiliyindən, kimi də bilet aldığı matçı izləyə bilmək üçün tələsir. Heç kim işin məğzinə varmaq arzusunda deyil, məsələyə səthi və diqqətsiz yanaşırlar, ya da belə yanaşma onlara sərf edir... Uşağın gənc olması, atası tərəfindən tez-tez döyülməsi, iqtisadi cəhətdən çox əziyyətli bir güzəran keçirməsi və təhlükəli, cinayət statistikası yüksək olan bir məhəllədə yaşaması onlar üçün bir şey ifadə etmir. 8 nömrəli şəxs istisna olmaqla, bütün iclasçılar gənc oğlana qarşı olduqca “önyarğılı” davranırlar və sanki özlərinə məcburi qəbul etdirirlər ki, “mümkün deyil, atasını öldürən onun oğlundan başqası ola bilməz”. Onlar sadəcə formal şəkildə şahidlərin ifadələrinə önəm verirlər, fərqli dəlillər, nüanslar axtarmağa cəhd belə göstərmirlər. Bəs həqiqətənmi bir insan həyatı bu dərəcədə dəyərsizdir? Hələ həyatının əsas hissəsi qarşıda olan bir gəncin günahsız olduğunu sübuta yetirmək üçün bir neçə saat sərf etməyə dəyməzmi? 8-ci iştirakçının ortaya qoyduğu böyük çalışmanın sonunda, bu sualların cavabının birmənalı olaraq “insan həyatı qədər dəyərli bir şey yoxdur, onun uğrunda yeri gəlsə, nəinki saatlar, hətta günlər, aylar belə sərf etmək mümkündür” olduğu görünür.

2. Cəmiyyətin diqqətindən, qayğısından kənarda qalmış tənha insanlar bütün nəzərləri öz üzərilərinə cəlb etməyi diləyirlər...

Yuxarıda qeyd edildiyi kimi, oğlanın cinayətkar olduğunu iddia edən iki şahid var. Bunlardan biri gənclə atasının qaldığı evin alt mərtəbəsində tək yaşayan yaşlı bir kişi, digəri isə qatar yolunun qarşı tərəfindəki binada yaşayan ortayaşlı tənha bir qadındır. Kişi hakim qarşısında söyləyir ki, oğlan atasını öldürdükdən sonra, o, atanın yıxılma səsini eşidib və tez qapıya doğru yüyürdükdə, gəncin pilləkənlərlə qaçaraq binadan çıxdığını görüb. Ancaq 8-ci iclasçı deyir ki, yaşlı kişinin vurğuladığı kimi insidentin baş verməsi müddəti (saniyə ilə), bir ayağında axsama olan bir qocanın otağından çıxış qapısına doğru gəlmə müddəti ilə uzlaşmır. Buna görə də binanın çertyojunu gətirdirlər və həqiqətən də bu iki vaxt kəsiyinin bir-birləri ilə ziddiyyət təşkil etdiyi görünür. Qadın şahid isə bildirirdi ki, o, oğlanı atasını öldürən anda keçən qatarın pəncərəsindən görüb. Onun bunu görməsi isə mümkünsüz idi, çünki o eynək taxırdı, amma yatan zaman eynəyini çıxarmışdı və otaqda işıq söndürülmüşdü. Qətl anında gözündə eynək olmadığı və bu səbəblə, gecə saatlarında yolun bu tayından digər tərəfi dəqiqliklə seyr edə bilmədiyi üçün, qadının gənci atasını bıçaqlayan yerdə görməsi mümkün deyildi. Həmçinin qadın məhkəməyə gələndə, yaşına uyğun olmayan don geyinmiş, saçını yeni rənglə boyatmış və eynəyini taxmamışdı. Yaxşı, bəs bu iki şəxs niyə oğlanla heç bir şəxsi qərəzləri olmamasına baxmayaraq, onun əleyhinə dururlar? Qadın nə üçün adi bir məhkəmə prosesinə xüsusi bir mərasimə gedirmiş kimi bəzənərək gəlmişdi? Bu suallara cavabı filmdə 9 nömrəli andlı iclasçı verir. O bildirir ki, cəmiyyətdə heç kim o qadınla kişiyə önəm vermir, onları saymır. İnsanlar onların fikirlərinə, məsləhətlərinə biganə yanaşırlar və onlardan heç bir şey soruşmurlar. Həyatda başqaları tərəfindən sayılmamaq qədər alçaldıcı, əzabverici bir şey yoxdur. Bax, buna görə onlar oğlanı qətl törədərkən görməsələr də, özlərini buna inandırıblar ki, görüblər və sevinərək məhkəməyə sidq ürəklə, can ataraq gəliblər ki, insanlar onlara qulaq asacaq, onların təqdim edəcəkləri ifadələr əhəmiyyətli və ağır bir cinayət işini həll edəcək və onlar cəmiyyətin gözündə yüksələcək. Məhz budur qəddar həyatda insan qayğısından kənarda qalmağın yekun aqibətlərindən biri...

3. Bir insanı doğulduğu və böyüdüyü mühitə, ətrafına görə deyil, öz şəxsi keyfiyyətlərinə əsasən qiymətləndirmək lazımdır.

Andlı iclasçıların içində öz mövqeyində radikal dərəcədə qəti olanlar da var. Bunlardan biri də 10 nömrəli iclasçıdır. Onun nöqteyi-nəzərincə, bu gəncin cinayətkarların, p*s yola düşmüş insanların özbaşınalıq etdiyi bir yerdə doğulub tərbiyə aldığını göz önünə gətirdikdə, onun da eynilə bu “cani, vəhşilərin” təsirinə düşməsi və bu yolla atasını öldürməsi normal və əslində, elə olması gərəkən haldır. Onun bu düşüncəsi 5 nömrəli iştirakçıya p*s təsir edir və o, sərt şəkildə öz etirazını bildirir. Çünki 5 nömrəli iclasçı özü də həmin gəncin məhəlləsində doğulub, orada boya-başa çatıb. Lakin oxuyub, yaxşı bir iş sahibi olub və sakit, xoş bir həyata sahibdir. Özü də olduqca mədəni, savadlı, səmimi və insanlara qarşı kobudluğu, hörmətsizliyi qəbul etməyən biridir. 5 nömrəli iclasçının həyatına baxdıqda, çox ümdə bir nəticə hasil olur. Demək ki, biz kimisə içindən gəldiyi cəmiyyətə, əraziyə və mədəniyyətə görə tənqid edə bilmərik, bizim üçün əhəmiyyət kəsb edən həmin şəxsin özünün kim olması, hansı xasiyyətə, xüsusiyyətlərə malik olması olmalıdır. Bunun əksini müdafiə etmək, çox böyük “önyarğıya” sahib olmanın bariz göstəricisidir və qətiyyən qəbul edilən deyildir.

4. Keçmiş xatirələrin, arzuolunmaz halların insan psixologiyasında qoyduğu müsbət və mənfi (əsasən mənfi) izlər onun bugünkü qərarlarına təsir edə bilir.

Heyətin içində ən sərt və hətta sadistcəsinə bir yanaşmaya sahib olan isə 3 nömrəli iclasçıdır. O, qərarından heç bir şəkildə dönmək istəmir və məsələyə digər hər kəsdən daha dəyişməz və dar çərçivədən baxır, yalnızca şahidlərin dediyi “faktları” doğru görür. O qədər emosional danışır ki, sanki şübhəli gəncin üzərində mühakimə edildiyi cinayət ona da ağır zərər yetirib. Bu iclasçının nitqindən onun oğlandan qisas almaq istədiyi hiss edilir, o, “oğlan mütləq ölməlidir” deyə qışqırdıqda, bunu o qədər ürəkdən hayqırır ki, filmi izləyən adam öz-özünə “bir insan axı düşünmədən necə bir başqasının ölümünə qarşı bu qədər daşürəkli və inadkar mövqe tuta bilər” deyə təəccüb edir. Bəs, nədir bu daşqəlbliliyin, gəncin ölümünü istəməyin mərkəzində yatan səbəb? Film boyu həmin 3 nömrəli iclasçı bir neçə dəfə oğlunun şəklini göstərir. Dəfələrlə “ehh, uşaqlar, uşaqlar. Onlar nankordur. Bir ömür boyu onların yolunda əziyyət çəkirsən, çalışırsan, böyüdürsən, oxudursan, axırda da...” şəklində cümlələr qurur. Buradan məlum olur ki, onun oğlu ilə arası yaxşı deyil və uzun zamandan bəri görüşmürlər. Onun içində oğluna qarşı olan sevigisindən böyük bir nifrət yaranıb və fürsət axtarır ki, övladlardan söz düşən kimi, oğlunu tənqid etsin, günahlandırsın. Bax, 3 nömrəli iclasçının bu dərəcədə qəddar bir görüşə sahib olmasının əsasında öz oğluna olan qəzəbi dayanır. Təsadüfdən, gəncin ittiham olunduğu cinayət atasını öldürməkdir və onun da atası ilə arasında müsbət münasibətləri olmayıb. Bu faktor 3-cü iclasçını daha da əsəbi və fikrindən çönməyən bir vəziyyətə gətirir. Əslində, o, şübhəli gəncə baxdıqda, öz oğlunu görür və buna görə də oğlunun üzərinə boşaltmaq istədiyi əsəbini, nifrətini onun üzərinə püskürür. Yəni keçmişdə oğlu ilə olan mübahisələrin və oğlundan ayrılmasının onun psixologiyasında buraxdığı izlər cari vəziyyətdə mühakimə edilən gəncin üzərinə nifrətini qusmaqla onu ölümə göndərmək hissini doğurur. Ancaq nəhayət o da gəncin günahsız olduğuna inanır və oğlan ölümdən xilas olur.

Son olaraq, “12 Qəzəbli Adam” 90 dəqiqəlik bir film olsa da, burada qaldırılan problemlər və onlar üçün verilən çözüm üsulları həqiqətən də təqdirəlayiqdir. Əlavə olaraq filmdən də göründüyü üzrə, bu həyatda həm insanın özünə, həm də cəmiyyətə xətər yetirmə ehtimalı olan ən mənfi xüsusiyyətlərdən biri önyarğıya sahib olmaqdır. Mənim üçün isə inkişaf etmiş və tam yetkin həddə çatan insan profilinin əvəzedilməz keyfiyyətlərindən biri həmin şəxsin ilk olaraq önyarğılı olmasına rəğmən, reallığı sezib başa düşdükdən sonra rasional biri kimi düşünüb, fikrini dəyişməyi bacarmasıdır.

10/09/2022

Hər nə qədər cəmiyyətimizin mənfi cəhətlərini tənqid edib, acınacaqlı mövzuları vurğulasaq da, elmi, bədii, sosial və digər sahələrdə aktiv şəkildə fəaliyyət göstərən vətəndaşlarımızı gördükdə, adam öz-özünə "axır ki, inkişafa doğru gedirik, belə davam etsə, hər şey arzuolunan vəziyyətə düşər" deyir. Lakin az öncə şəhərə çıxarkən bir hadisə ilə qarşılaşdım ki, mənim yuxarıda qeyd etdiyim müsbət görüşlərimə kölgə saldı. Demək, bir yaşayış binasının yanında səki ilə yol gedirəm, anidən yuxarı mərtəblərin birindən kimsə bir şüşə su butulkası atdı. Sonra ard-arda bir neçə butulka daha atmağa davam etdi. Butulkaların betona dəyib sınması nəticəsində şüşə sınıqları sıçrayaraq bir yaşlı qadının üzünə dəydi və yüngül xəsarət yetirdi. Xoş xəbər odur ki, xanım ağır yara almadı. Sadəcə olaraq, mənə maraqlı gələn və şoka salan odur ki, axı bir "insan" necə bu qədər düşüncəsiz ola bilər? Yüksək mərtəbədən bir neçə ədəd şüşə butulkanı atarkən, bu adam anlamırmı ki, şüşə betona dəyəndə sınır və kəsici olması səbəbiylə başqalarına xəsarət yetirə bilər? Hələ ətraf mühiti çirkləndirmə məsələsin söyləmirəm belə. Çoxları üçün adi bir hal kimi görünsə də, həqiqətən dəhşətli situasiyadır. Belələri bu cəmiyyətdə heç də az deyil və var olduğu müddətdə bizim tam ətraflı şəkildə proqressiv yola qədəm qoyub təqdirəlayiq irəliləyiş əldə etməyimiz qəliz məsələdir. Əlbəttə ki, bu o demək deyil ki, xalqımızın gələcəyini düşünən çalışqan ziyalı şəxslərimizin zəhməti hədər gedir. Lakin qeyd etdiyim kimi düşüncəsiz, qeyri-insani hərəkətlərə malik olanlar bu əməllərinin məğzini dərk edib yığışdırsalar, həmin şəxslərin gördükləri işlər öz təsirini daha sürətli və effektiv formada göstərər. Son olaraq qeyd etmək istərdim ki, digər şəxslər üçün nədir deyə bilmərəm, amma mənim üçün vətən sevgisi, ətraf mühiti qorumaqdan, təbiəti çirkləndirməyə "yox" deməkdən başlayır. Çünki əgər sən bu gün üzərində yaşadığın torpağın, içdiyin suyun, nəfəs aldığın havanın təmizliyinə önəm vermirsənsə, hansı vətənpərvərlikdən söhbət gedə bilər?

Cümhuriyyət və demokratiya anlayışları heç şübhəsiz ki, həm siyasi, həm də hüquqi sferada hər zaman əsas müzakirə mövzul...
06/09/2022

Cümhuriyyət və demokratiya anlayışları heç şübhəsiz ki, həm siyasi, həm də hüquqi sferada hər zaman əsas müzakirə mövzularından olmuş, kimiləri tərəfindən bəyənilmiş, kimilərinin isə tənqidlərinə məruz qalmışdır. Görkəmli ictimai-siyasi xadim və milli ideoloq olan Məhəmməd Əmin Rəsulzadə bu iki anlayışı sevənlərin tərəfində dayanmış və fikrində qəti olmuşdur. Əlbəttə, çar Rusiyasında baş verən qanunsuzluqlar, monarxiya rejimində hüquq və azadlıqların bir heç hesab edilməsi də Məhəmməd Əminə əsaslı surətdə təsir etmişdir. Ümumən, Rəsulzadə başa düşürdü ki, əgər hakimiyyətə gəlməyi planlayan və bunun uğrunda çalışan şəxslər mövcud quruluşdan fərqli olmayacaqsa və dəyişikliklər edib idarəetmə aparatını və cəmiyyəti nizama salmayacaqsa, xalqın inamını qazana bilməyəcək, hətta bir müddət sonra ona ümid bəsləyən bir-iki nəfərin də güvənini itirəcək. Beləliklə, yeni rejim əvvəlki dövlətdən, hökumətdən daha proqressiv olduğunu düşünsə də, insanların gözündə yeri demək olar ki, əvvəlki ilə eyni olacaq, o cümlədən taleyi də. Məhz buna görə də M.Ə. Rəsulzadə cümhuriyyət və demokratiyanı müasir tələblərə cavab verən və hüquq və azadlıqların müdafiəsini təmin edən ədalətli bir dövlətin qurulmasında ən ümdə ünsürlərdən hesab edirdi. Onun fikrincə, əgər dövlət həqiqətən cümhuriyyət və demokratiya dəyərlərinə uyğun formalaşdırılsaydı, o, çox güclü və dözümlü dayaqlara sahib olacaqdı. Azərbaycan tarixində böyük qurucu atalarından biri olan M.Ə. Rəsulzadənin nöqteyi-nəzərinə daha yaxşı bələd olmaq üçün bəzi yazılarında bu mövzu barəsində nəzərə çarpdırdığı düşüncələrini sizə təqdim etmək daha faydalı olardı.

• “Demokratiya nöqteyi-nəzərindən Rusiyada yaşayan və çarizmin təcavüzkar siyasətinə məruz qalan sinif, silk və millətlər üçün cümhuriyyətdən daha münasib bir üsuli-idarə təsəvvür olunamaz”.

• “Demokratizm bütün millətləri kəndi ruh və mənəviyyatı dairəsində qalmaq şərtilə müasir mədəniyyət sərgisinin tamam hüquqlu bir şəriki olmaq sifətilə görmək istər”.

• “Milli xalq hərəkatının təsis edəcəyi hökumət məna etibarı ilə demokratiyadan, şəkil etibarıyla da cümhuriyyətdən başqa olmayacaq”.

• “Fəqət cümhuriyyətdən cümhuriyyətə də fərq var. Cümhuriyyət öylə əsaslar üzərində qurula bilər ki, yenə ənamın [xalqın], məhkum millətlərin hüququnu tamamilə təmin etməyib xəlqin mümtaz qismi mənafeyinə uydurulsun, biistilah cümhuriyyəti-xass [imtiyazlıların cümhuriyyəti] olsun. Ola da bilər ki, bu gün müvəqqəti hökumət tərəfindən elan olunan əsaslar üzərinə ümumi, müsavi, gizli və doğru sürətdə icra olunan seçkilərin iqtiza [tələb] elədiyi hürriyyətlərə bina olunub amməyi-xəlqin (ənamın) mənafeyini gözətsin, qanun nəzərində xassi-əvam görməyib cümhuriyyəti-ənam şəklini alsın.
Məhkum sinif və millət gözü ilə baxıldıqda, işıqlı istibdad qarasından, məşrutiyyət işıqlı istibdaddan, cümhuriyyət məşrutiyyətdən, cümhuriyyəti-ənam da cümhuriyyəti-xassdan daha faidəli və daha müvafiq məramdır.
.. Var olsun cümhuriyyəti-ənam”.

• “Millətin məqsədi əksəriyyətin məqsədi deməkdir. Əksəriyyət isə fəhlə, kəndli, ümumiyyətlə demokratiyadan ibarətdir. Buna görədir ki, məkan və zaman şəraiti altında millətimizin məqsədi haman demokratiya məqsədidir”.

• “Milli hərəkatlar eyni zamanda demokratik bir rəng alır”.

• “Milliyyətlə demokratlıq qətiyyən düşmən məfhumlar degildir. Millətçilik, dünyanın irəli doğru addımlayan demokratik gedişinə uyğun bir hərəkatın adıdır”.

• “Siyasi firqələri olmayan bir millətin siyasi duyğusu, siyasi düşüncəsi olamaz”.

• “Biz heç vaxt siyasi hürriyyətin iksir gücünə, yəni ictimai və iqtisadi ziddiyyətləri məhv edərək bütün milləti müttəhid bir partiyaya çevirmək gücünə malik olduğunu güman etmirik. Dünyada ilk azad məmləkəti və bir neçə yüz il öncə parlamenti olan İngiltərə hələ indi də bir partiyalı ölkə deyildir. Avropa millətlərinə inqilab və azadlıq nümunəsi olan Fransada da müxtəlif firqələr mövcuddur. Azadlıq olan ölkələrdə və fikirlərini açıq-aşkar mübadilə edən cəmiyyətlərdə aydındır ki, müxtəlif əqidə və fikirlər meydana gəlir. Azadlığın ilk günlərindən, biri-digərinə zidd partiyaların əsası qoyulur. Çünki təbiət müxtəlif və fikirlər qarışıqdır. Hər kəs ki, əksəriyyəti ələ keçirməyə çalışır, vətəninin səadətini yalnız öz fikrinin həyata keçməsində görür, ölkəyə və xalqına nicat verə biləcək başqa fikri müqəddəs saymır və onu fəaliyyətə gətirməyi istəmirsə, öz vicdanı qarşısında böyük günah işlətmiş olar!”

• “Xalq hökuməti ilə idarə olunan məmləkətlərdə seçki üsulunun böyük əhəmiyyəti vardır, zira demokratiyanın ən vacib şərtinin – hakimiyyətin millətə məxsusluğunun təmini seçkilər vasitəsilə mümkündür. Seçki xalq və cəmaət idarəsinin dirəyidir. Bu dirək zəif olursa, bina uçulur”.

• “Demokratiya daim təkamüldə olan cəmiyyətdəki mütərəqqi qüvvələrin iş başına gəlməsini təmin edən sistemdir və bu sistem iki tip elementdən ibarətdir. Bunlardan biri zahirini təşkil edən birtakım təmsil-i ümumi müessese və mərasiminden (məclislər, intibahlar) ara-yı umumiyəyi [ictimai rəyi] müktəzi [gərəkli edən] ananatdan ibarətdir. Digəri isə onun əsl ruh və mənasını təşkil edən təcrübəyə bağlı müsbət elmlərlə, tərəqqi fəlsəfəsinə müstənit [istinad edən] manzume-i efkardır [fikirlər toplusudur]. Bu sonuncunun strukturunda isə ən üstün mövqedə dayanan hüquq və azadlıqlardır. “Məşrutə ya cümhuriyyət idarəsində “hüquqi bəşər” azadlığının qəbulu ən birinci şərtdir. Ən başlıcası isə hüquq və azadlıqların təminidir ki, bunsuz həqiqi demokratiyadan söhbət belə gedə bilməz: Hətta deyilə bilər ki, elmin hürriyyətini, insan ağlının hər növ qeyd-şərtdən azad olmasını, fərdin, diğər bir insanın hürriyyət ve hüququna təcavüz etməmək surətiylə, hər növ hürriyyət ve istiqlalını təmin edə bilməyən bir idarə sistemi, demokratiya müəssisələrinin zahirən bütün formalarını mühafizə etmiş olsa belə, həqiqi demokratiya deyildir”.

İstinad edilən mənbələr:

1. M.Ə. Rəsulzadə, “Cümhuriyyət”, “Açıq söz” qəzeti, №426, 17 mart 1917. – Rəsulzadə, Əsərləri, IV c., 89.

2. Rəsulzadə, “Getdiyimiz yol”, Rəsulzadə, Əsərləri, III c., 546.

3. Azeri (Resulzade) “Cümhuriyyet Bayramı”, M.E. Resulzade, Yeni Kafkasya Yazıları, 1923-1927.

4. Rəsulzadə, “Cümhuriyyət”, Rəsulzadə, Əsərləri, IV c., 89-90.

5. Rəsulzadə, “Müsavat qurultayı”, Rəsulzadə, Əsərləri, IV c., 379.

6. Rəsulzadə, “Hadisələrin mənası”, “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 – aprel 1920), II c.,14.

7. Rəsulzadə, “Qövm və millət”, Rəsulzadə, Milli birlik, 38.

8. Rəsulzadə, “Müsavat qurultayı”, Rəsulzadə, Əsərləri, IV c., 378-379.

9. Rəsulzadə, “Mühafizəkar və ya sosial mühafizəkar partiyaların tənqidi”, Rəsulzadə, Əsərləri, II c., 101.

10. M.Ə. Rəsulzadə, “Cəmaət idarəsi”, Açıq söz, №442, 5 aprel 1917. – Rəsulzadə, Əsərləri, IV c., 137.

11. Rəsulzadə, “Cəmaət idarəsi”, Rəsulzadə, Əsərləri, IV c., 135.

04/09/2022

Həqiqətən bəzən düşünürəm ki, dünyada cahillər qədər xoşbəxt olan heç kəs yoxdur. Niyəmi? Çünki cahil insanlar heç nəyin məğzini dərk etmədikləri üçün nə mövcud olan situasiyanın önəmini anlayırlar, nə xalqın çətin vəziyyətini, onu addım-addım məhvə doğru aparan acınacaqlı, dəhşətli halını başa düşür və dərdini çəkirlər. Bu səbəblə də bir çıxış yolu da axtarmağa cəhd göstərmir və beləliklə, yorulmurlar. Şopenhauerin də dediyi kimi, insanın biliyi artdıqca, çəkdiyi iztirabı, əziyyəti də artır. Çünki bilikli insanın zehni açılır, dünyanı dərk edir, həqiqətləri idrak edir, qəflət yuxusunda olan cəmiyyətin acı sonunu görür. Fəqət cahil adamlar üçün belə bir belə bir problemdən söhbət belə gedə bilməz. Məhz buna görə də onlar xoşbəxtdirlər. Əlavə olaraq qeyd etmək lazımdır ki, hər universitet oxuyanın gözü açılır deyə bir şey də yoxdur. Əzbərçiliklə təkcə yüksək qiymətlər üçün oxuyan və gələcək məqsədi sadəcə yüksək bir vəzifəyə gedib yüksək maaşla oliqarx həyatı sürmək olan, bu gün öyrəndiyin sabah unudanlardan da milləti üçün böyük bir uğura imza atacağını gözləmək məntiqsizdir. Hə, bir də ki, əgər sən savadlı olsan da, bu biliyin başqa bir şəxsin və ya şəxslərin inkişafına yol açmırsa, sən lap düha olsan belə, açığı o biliyinin bir mənası yoxdur. Söz yox, zatən tam olaraq təhsilli, proqressiv olan ziyalı şəxslər millətinin qayğısına qalır və onları zülmətdən çıxarmaq üçün var gücləri ilə çalışırlar, amma yenə də bu məqamı da vurğulamaq məqsədəuyğundur.

Hüquqilik və Legitimlik. Yəqin ki, bu iki anlayışı insan və vətəndaş hüquq və azadlıqlarının və xalqın rifahının mümkün ...
30/08/2022

Hüquqilik və Legitimlik. Yəqin ki, bu iki anlayışı insan və vətəndaş hüquq və azadlıqlarının və xalqın rifahının mümkün qədər maksimum dərəcədə təmin edilməsini təklif edən hər bir dövlət idarəetmə formasının ən ümdə elementlərindən hesab etmək olar. Hətta bu iki element olmadan mövcud rejimin ədalətli, effektiv və demokratik olduğunu söyləmək yanlış olardı. Bəs nədir hüquqilik və legitimlik?

Hüquqilik və ya leqallıq kimi bilinən bu prinsip o deməkdir ki, onun var olduğu dövlət hüquq normalarına əsaslanır, qanunlar və digər hüquqi aktlar həmin dövlətin hər zaman və hər yerdə istənilən təşəbbüsündə, hərəkətində onun üçün sanki bir növ yol göstərici rolunu oynayır. Leqallıq prinsipinin əhəmiyyəti onun dövləti ədalətsiz və qeyri-insani əməllərdən, hüquq və azadlıqları çeynəməkdən və digər özbaşınalıqlardan uzaq tutmasında özünü büruzə verir. Həqiqi mənada hüquqilik prinsipinə əməl edilərsə, hüquq və azadlıqların tapdalanaraq heçə sayıldığı arzuolunmaz rejimlərin ortaya çıxma ehtimalı olduqca azalar desək, yəqin ki, çox da yanılmarıq.

Legitimlik məfhumunu çox zaman hüquqilik anlayışı ilə eyniləşdirərək qarışıq salanlar olur. Fəqət bu heç də belə deyil. İlk öncə legitimliyin leqallıqdan fərqli olaraq hüquqi faktdan daha çox sosioloji hadisə olaraq qəbul edilməsinin daha düzgün olacağını qeyd etmək lazımdır. Çünki legitimlik xalq, cəmiyyət tərəfindən dövlətin qəbul edilməsi prosesindən ortaya çıxır. Xalqın, dürüstlüyünə, ədalətinə, effektivliyinə, qayğıkeşliyinə və gücünə inanaraq hakimiyyətini heç bir məcburiyyət və zorakılığa məruz qalmadan qəbul etdiyi dövlət legitim sayılır. Təbii ki, legitimliyin hüquqiliklə əlaqəsi də mövcuddur.
Dövlətin legitim hesab edilməsi üçün həmçinin onun hüquq sistemi də konstitusiyaya uyğunlaşmış şəkildə, onunla ziddiyyətə sahib olmayan formada təsis edilmiş olmalıdır. Çünki bilindiyi üzrə əksər hallarda konstitusiyalarda hakimiyyətin mənbəyinin xalq olduğu vurğulanır və bu vəziyyətdə, məntiqi olaraq həmin xalq dövlətə güvənərək onu qəbul etmiş olmalıdır ki, konstitusiyada belə bir müddəa yazılsın. Lakin unutmamaq gərəkdir ki, bunlar hüquqi və sosioloji quruluşa qarşılıqlı uyğunluq içində tərtib edilmiş nəzəri qaydalardır, reallığın nə olduğu isə ayrı bir mövzudur və bu məqalədə müzakirə ediləcək məsələ deyil. Yaxşı, bəs hüquqilik və legitimlik bir-birləri ilə ayrılmaz şəkildə bağlıdırlarmı? Həmişə bir-birlərini dəstəkləyərək birlikdəmi mövcuddurlar? Bəlkə də üzdən, səthi düşündükdə, bu suallara cavabın anında “bəli” olduğu deyilə bilər. Halbuki dünyada günümüzə qədər baş vermiş bir neçə hala nəzər yetirdikdə, “bəli” cavabının bu qədər asanlıqla və tez bir şəkildə verilməsinin əslində, böyük bir diqqətsizlik olduğunun fərqinə varırıq. Bu məsələni ötən yüzillikdə üz vermiş və tarixə “Eyxman problemi” adı ilə düşmüş hadisə üzərindən daha ətraflı şəkildə gözdən keçirmək məqsədəuyğundur.

Bilindiyi üzrə Holokost dünya tarixinin ən vəhşi və irimiqyaslı soyqırımlarından biridir. 6 milyondan çox yəhudinin ikinci Dünya müharibəsində nasist Almaniyası tərəfindən öldürüldüyü bu dəhşətli qətliamda nasistlərin xüsusi canfəşanlığı ilə fərqlənən üzvləri fəaliyyət göstərməkdə idi. Bu şəxslərdən biri də Alman nasist gizli polis qurumu olan Gestaponun IV B4 bölməsinin müdiri və yəhudilərin kütləvi şəkildə məhv edilməsində birbaşa cavabdeh olan şəxs Otto Adolf Eyxman idi. O, 20 yanvar 1942-ci ildə yəhudilərin qətlə yetirilməsi haqqında keçirilən Vanze konfransında iştirak etmiş və bu məsələnin caniliklə həll edilməsi ona tapşırılmışdı. Qeyd edilir ki, 4 milyon yəhudinin ölümündə onun əli olmuş və özü bu barədə olan sənədləri Henrix Himmlerə şəxsən təqdim etmişdir. Onun canilikləri çox olsa da, bu qədər qısa məlumat bu yazının məqsədi üçün yetərlidir. Müttəfiqlər 1945-ci ildə Almaniyanı məğlub etdikdən sonra Eyxman ABŞ orduları tərəfindən həbs edilir, lakin oradan qaçmağı bacarır. Bir müddət Almaniya ərazisində olduğu məkanı tez-tez dəyişərək yaşasa da, saxta sənədlər düzəldərək Argentinaya köçməyi qərara alır. 1948-ci ildə İsrail dövləti yarandıqdan sonra, hökumət Holokostun iştirakçıları olmuş və qaçıb gizləndiyi üçün Nürnberq Beynəlxalq Hərbi Tribunalından öz nəsibini almamış canilərin axtarışına başladı. İsrail xüsusi kəşfiyyat xidməti “Mossad” tərəfindən aparılan aşardırmaların sonunda əldə edilən məlumatlara əsasən Eyxmanın Argentinada olduğu bilindi və 1960-cı ildə tutularaq İsrailə gətirilir. Sözün düzü, “Mossad” Eyxmanı qeyri-qanuni şəkildə qaçırdı. Bunun iki səbəbi var idi. Birincisi, İsrail hökuməti düşündü ki, Argentina hökuməti Eyxmanı onlara verməyə razı olmayacaq və Eyxman yenə gizlənəcək və nəticədə, onu tapmaq daha da qəliz bir hal alacaq. Hər halda nə olur-olsun, onlar heç bir hüquqi yola əl atmadan, öz fərziyyələrinə görə hərəkət etdilər. Eyxman Qüdsə gətirilir və 1961-ci ildə törətdiyi cinayətlərdən ötrü mühakimə edilmək üçün məhkəmə qarşısına çıxarılır. Məhkəmə prosesində onu müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və yəhudi xalqına qarşı cinayətlərdə təqsirkar hesab edirlər. Burada İsrail tərəfi məhkəmə sisteminin təməl prinsiplərindən biri olan “müqəssirin normal məhkəmə sistemi vasitəsilə ədalətli rəftar görməsi və qərəzsiz hakim qarşısında dinlənməsi” hüququnu pozaraq hüquqilik məfhumuna zidd olan bir addım da atdı. Həmin vaxt yəhudi əsilli filosof, siyasi nəzəriyyəçi və tarixçi olan xanım Hanna Ardent mühakimə prosesində müxbir olaraq iştirak edirdi. O, həmin anları “Eyxman Yerusəlimdə: Şərin Banallığı haqqında Hesabat” adlı əsərində qələmə almışdır. Bu kitabdan görülür ki, Eyxman sadəcə olaraq totalitar rejimin ona verdiyi əmrləri yerinə yetirmişdi. Onun tək istəyi ona verilən göstərişləri, tapşırıqları layiqincə yerinə yetirib hakim qüvvələrin gözündə yüksəlmək olmuşdu. (Bu situasiya isə məşhur “insanlar niyə cinayət törədirlər?” sualının cavablarından biridir.) Sözü uzatmağa gərək yoxdur. Beləliklə, Eyxmanın bağışlanmaq istəklərinə baxmayaraq, o, ölüm cəzasına məhkum olunur və 1962-ci il iyun ayının 1-də asılaraq edam edilir. Bax ən ciddi problem burada üzə çıxır. İsrail hökuməti Eyxmanı öz qanunlarına əsasən cinayətkar sayaraq edam etdi. Ancaq bildirmək gərəkdir ki, Eyxman Holokostun tərtibində iştirak etdikdə İsrail dövləti hələ mövcud deyildi. Dövlət yox idisə, demək onun qanunları da mövcud deyildi. Bəs cinayət törədildikdə var olmamış qanunlarla 15 il sonra cinayətkarı ittiham etmək nə qədər düzgündür? Bəs qanunların geriyə qüvvəsinin olması məsələsi? Axı qanun şəxsin hüquqi vəziyyətini daha da p*sləşdirəcəksə, geriyə şamil edilmir. Sanki İsrail hökuməti burada revanşist mövqe tuturdu və demək olar ki, Eyxmanın taleyinin nə olacağı ən əvvəldən bəlli idi. Əlbəttə ki, İsrail hökumətini və xalqını anlamaq mümkündür və yazının niyyəti onları tənqid etmək deyil. Sevdiklərinin, ailə üzvlərinin, dost-tanışlarının vəhşicəsinə məhv edilməsi onlar üzərində ağır və keçməyəcək izlər qoymuşdu. Amma işin hüquqi cəhəti də nəzərə çatdırılmalıdır ki, hər şey daha aydın olsun.

Məqalənin başında qeyd edilən “Dövlətin hissləri varmı?” ifadəsi heç də boş yerə deyil. Bu məqamda söyləyə bilərikmi ki, 1961-ci ildə “İsrail dövləti var olan hisslərinə qapıldı?” Tam olaraq, xeyir, deyə bilmərik. İsrail hökuməti həmin əsnada hüquqilik yerinə, legitimliyi seçdi, yəni xalqın iradəsini. Bəli, bu, dövlətin yox, xalqın hissləri idi. Yəhudi xalqı tələb edirdi ki, onların başına bu bəlaları açmış canilər layiqli cəzalarını alsınlar və məhz buna görə hökumət xalqı qarşısına almaqdan çəkindiyi üçün, onların tələbinə “yox” deməyi bacarmadı.

Sonda vurğulamaq yerinə düşərdi ki, göründüyü üzrə bu vəziyyətdə İsrail hökuməti leqallıq anlayışını 3 dəfə pozmuşdur:
1. Argentina hökuməti ilə hüquqi danışıqlar olmadan Eyxmanı qaçırdı.

2. Eyxmana normal məhkəmə şəraiti təmin edilmədi.

3. Eyxman onun əməlləri törətdiyi illərdə mövcud olmayan dövlətin mövcud olmayan qanunları ilə cəzalandırıldı.

Dövlətlər bəzən öz hərəkətlərinin qeyri-qanuni olmasına baxmayaraq, qanuni olduğunu iddia edirlər, çünki onlar hərəkət üçün kifayət qədər mənəvi əsasın olduğuna inanırlar. Mənəvi əsas dedikdə isə, həmin hərəkətlərin qanunlardan daha çox xalqın mənəvi və əxlaqi dəyərlərinin tələblərinə əsaslanması başa düşülür. “Eyxman problemi” dünyaya sübut etdi ki, hüquqilik və legitimlik terminləri hər zaman yan-yana işlənmir, bəzən onlardan birinin varlığı digərinin mövcudluq ehtimalını aradan qaldırır.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when law.philosophy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share