17/05/2025
Bir çox müəssisələr tərəfindən qabaqcadan ödəniş (avans) əsasında sonradan mallar ölkəyə idxal edilsə də, təəssüf ki, düzgün mühasibat uçotunun aparılmaması, əməkdaşların səhlənkarlığı və ya texniki səhvlər səbəbindən müvafiq sənədlər vaxtında banka təqdim olunmur. Bu halda, bank həmin qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Mərkəzi Bankın müraciəti əsasında məhkəmə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə uyğun olaraq, müəssisəni təqsirli bilərək, inzibati xətanın bilavasitə obyekti olan vəsaitin 20-30 faizi məbləğində cərimə tətbiqi barədə qərar qəbul edir. Təbii ki, məhkəmədə işə baxılan zaman peşəkar hüquqi müdafiə nəticəsində mübahisə həllini tapa da bilər.
Azərbaycan Respublikasının Mərkəzi Bankının qaydalarına əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10-20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin20-30 faizinədək məbləğdə cərimə edilir.
Bizimlə əlaqə
📍Bakı, Mətbuat pr. 35E
📞 +994507443545
✉️[email protected]