02/10/2022
H.Zərdabi adına Zərdab şəhər 1 saylı məktəb-liseydə yaranmış problemlər nədən qaynaqlanır?
Məktəb direktoru psixoloq olmalı, uşaq və müəllimlərin psixologiyasına dərindən bələd olmalı, bunlardan da vacib-uşaq və müəllimlərin qayğısına qalmalıdır. Məktəbin rəhbəri qarşısına doğru məqsəd qoymalı və ona çatmaq üçün irəliləməli, düzgün qərarlar verməli, hərəkətlərində yanlışlara yol verməməlidir. Direktor məktəbdə problem yaranmamış düzgün qərar verməklə onun qarşısını almağı bacarmalıdırlar.
Zərdab şəhər H.Zərdabi adına şəhər 1 saylı məktəb-liseyin 1932-ci ildən indiyə qədər olan direktorlarının adlı siyahısını Sizə görə edirəm:
1.) Hacı Hüseynov (1932-1934)
2.) Rövşən müəllim (1934-1949)
3.) Kapitan İmranov (1950-1951)
4.) Mirseyib Əhmədov (1951-1962)
5.) Püstə Rəhimova (1962-1977)
6.) İsrafil Həmidov (1977-1978)
7.) Ataş Rəhimov (1978-1980)
8.) Elbrus İsgəndərov (1980-1987)
9.) Əlihəsən Kərimov (1987-1991)
10.) Elbrus İsgəndərov (1991-2003)
11.) Tofiq Ağayev (2003-2015)
12.) Vüsalə Kərimova (2015-ci ildən indiyə qədər)
Bu məktəb direktorlarının fəaliyyəti dövründə məktəb yüksələn xətt üzrə inkişaf edib. İllər olub ki, məktəbdə 1200 nəfərdən çox şagird təhsil alıb.
Mən, məktəb direktoru olmuş Tofiq Ağayevin dövründə məktəbin bir neçə yüksək nəticələrini göstərmək istəyirəm. Onu da deyim ki, Tofiq müəllimin dövründə müəllimlərə xüsusilə, yaşlı müəllimlərə xüsusi qayğı göstərilirdi. Hətta, məktəbdə problem yaranarkən onların məsləhətinə qulaq asardı. Məktəbdən bir şagird başqa məktəbə keçəndə belə həyəcanını gizlədə bilməzdi və bunun səbəblərini sonadək araşdırardı. Onun rəhbərliyi dövründə məktəbdə 913 şagird təhsil alırdı. Bu da müəllimlərin dərs saatlarına müsbət təsir göstərirdi. Məktəbdə rus sektoru ilə bərabər ən azı 4-5 paralel siniflər olurdu. Amma, indi ən yaxşı halda rus bölməsi ilə birlikdə 3 paralel sinif qalıb. Hazırda məktəbdə 600 nəfərdən bir qədər çox şagird təhsil alır. Təsadüfi deyil ki, Tofiq müəllimin rəhbərliyi dövründə 2008-ci ildə məktəbimiz Cənab Prezident İlham Əliyevin sərəncamı ilə "İlin ən yaxşı məktəbi" adına layiq görülmüşdü.
Deməli, 1 saylı məktəb-liseyin problemlərinin əsasını şagirdlərin başqa məktəblərə getməsi təşkil edir. Bu məsələni rəhbər dövlət qurumları araşdırmalıdır. Çox təəssüf ki, rəhbər dövlət qurumları bu məsələni nədənsə araşdırmırlar. Məktəbdə yaranmış problemlərin digər səbəbi məktəb rəhbərinin qeyri-sağlam mühit yaratmasıdır. Mənə elə gəlir ki, bu məsələdə lazımi səviyyədə araşdırılmalıdır. H.Zərdabi adına Zərdab şəhər 1 saylı məktəb-lisey digər rayon məktəblərindən bir cəhətinə görə də fərqlənir. Bu məktəb həm adi məktəb, həm lisey məktəb, həm də rus məktəbidir. Bəs necə olur ki, 3 adı özündə birləşdirmiş bir məktəbdə cəmi 600 şagird təhsil alır? Belə gedərsə 1 saylı məktəb -liseyin şagirdlərinin sayı adi kənd məktəblərinin sayına bərabər olacaq.
Mən çox arzu edərdim ki, mənim bu yazdıqlarıma ciddi reaksiya verilsin və H.Zərdabi adına Zərdab şəhər 1 saylı məktəb-liseyin əvvəlki nüfuzu özünə qaytarılsın.
Azərbaycan Respublikasının "Əməkdar müəllim"i Ömər Tarverdiyev