27/01/2026
Əlavə dəyər vergisi - bir çoxunu Vergi Məcəlləsindən soyudan vergi :)
2009-cu ildə vergi orqanlarına işə qəbul imtahanından keçsəm də ƏDV-ni başa düşməmişdim. İlk 5 ildə işlədiyim şöbəm qeydiyyatla bağlı olduğundan ƏDV-ni öyrənmək yenə də nəsib olmadı.
Nəhayət 6-7 illik iş təcrübəmdən sonra “əvəzləşdirmənin” barter olmadığını anladım :)
ƏDV Marafonu üçün material hazırlayanda bir daha fərqinə vardım ki, Vergi Məcəlləsində ƏDV ilə bağlı çox termindən istifadə olunmuşdur:
- “Vergitutma obyekti” (maddə 159.1)
- “Vergi tutulan əməliyyat” (maddə 159.2-159.8)
- “ƏDV tutulan əməliyyat” (maddə 155.1 və 175)
- “ƏDV-nə cəlb olunan əməliyyatlar” (maddə 158.1)
- “Vergitutulan dövriyyə” (maddə 153 və 174.1)
- “Vergiyə cəlb edilməyən əməliyyatlar” (maddə 160)
- “ƏDV tutulmayan əməliyyatlar” (maddə 175.2)
- “Vergi tutulan əməliyyatın dəyəri” (maddə 161)
- “Vergi tutulan əməliyyatın vaxtı” (maddə 166)
- “Vergitutulan dövriyyədən büdcəyə ödənilməli ƏDV” (maddə 174)
- “Vergi tutulan dövriyyədən hesablanan ƏDV” (maddə 153)
ƏDV-ni kəşf edəni, nəsil-nəcabətini söydürən anlayışlar :)
ƏDV-ni tam başa düşmək üçün gərək bu anlayışların mənasını və fərqini biləsən.
Əgər kimsə bildiyini düşünürsənsə, onda bu 2 suala cavab versin:
1. ƏDV-nin məqsədləri üçün vergitutma obyekti olan hər hansı əməliyyatın (məsələn, malların satışı) vergiyə cəlb edilən əməliyyat olması üçün hansı şərtlər tələb olunur?
2. Yuxarıda sadalanlardan hansı ƏDV məqsədləri üçün vergitutma bazasıdır?