11/04/2022
Valideynlərdən biri uşağın digər valideynlə xaricə getməsinə notarial qaydada təsdiqlənmiş razılıq vermədikdə və ya mübahisə mediasiya qaydasında həll edilmədikdə, bu məsələ məhkəmə qaydasında öz həllini tapa bilər.
Qeyd edilən problem adətən boşanmış şəxslər arasında yaranır. Ana uşağı xaricə aparmaq istəyir, ata isə buna razı olmur. Nəticədə, uşaq ya səyahətə gedə bilmir, ya idman yarışından və yaxud da, uşağın maraqlarına yönəlmiş digər tədbirlərdən kənarda qalır.
Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaq ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.
Belə razılıq olmadığı halda, uşağın xaricə getməsi məsələsi məhkəmənin qərarı əsasında həll olunur.
Məhkəməyə müraciət edərək, məhkəmədən uşağın xaricə aparılmasına razılığın verilməsini tələb edən valideyn bilməlidir ki, uşağın xaricə aparılmasını zəruri edən hallar əsaslandırılmalıdır. Uşağın xaricdə hansısa idman yarışında iştirak etməsi, müalicəyə getməsi və sair səbəblər olduğu halda, məhkəmə valideynlərdən birinin razılığı olmadığı halda da, uşağın xaricə aparılmasına icazə verə bilər.
❓- Uşağın xarici ölkəyə aparılması məqsədi sadəcə istirahət ola bilərmi?
Bəli, qanunvericilik buna yol verir. Xarici ölkəyə səyahət edərkən, uşaq inkişaf edir, əylənir, yeni ölkələr barədə əyani məlumatlar alır. Bunlar uşağa müsbət təsir edən faktorlardır.
İstər Ailə məcəlləsi, istər Uşaq Hüquqları haqqında qanun, istərsə də, Uşaq Hüquqları haqqında beynəlxalq konvensiya bütün addımların uşağın mənafeyi naminə atılmağını, inkişafına yönəldilməyini tələb edir.
Beynəlxalq konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilməlidir. Bu tədbirlər həm sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, həm də məhkəmələr, inzibati, ya da qanunvericilik orqanları tərəfindən görüldükdə nəzərə alınmalıdır.