11/08/2020
Müasir idman sahəsində idman yarışlarının manipulyasiyasına tez-tez rast gəlirik. Əksəriyyət idman oyunlarının manipulyasiyasının, loru dildə desək oyun alqı-satqısının idmanda yeni olduğunu düşünsələr də, əslində çox qədim tarixə malikdir. İlk bilinən oyun alqı-satqısının isə məhz güləş yarışlarında olduğuna dair sübutlar var. Gəlin tanış olaq :)
Tarixçilər 1700 yaşı olan incə Yunan papirusunu deşifrə edərkən burada iki yeniyetmə arasındakı güləş qarşılaşmasının nəticəsinin əvvəlcədən razılaşdırıldığını müəyyən etdilər. Bu papirus Nikantinus adlı bir pəhləvanın atası ilə Misirdə dini festival zamanı keçirilmiş, bir sıra oyunlardan ibarət olan “Nəhəng Antinoya”nın finalında qarşılaşacaq Demetriusun məşqçiləri arasında bağlanmış, 267A nömrəli müqavilə idi. Müqavilə indiyədək üzə çıxan oyun-alqı satqısına dair ilk sübut idi.
Müqaviləyə əsasən, kişilər kateqoriyasında keçiriləcək yarışda, Demetriusun beli üç dəfə yerə dəyməli idi, bunun əvəzində isə mükafat olaraq 3800 drahma əldə edəcəkdi
Müqavilənin digər bəndinə əsasən, əgər matçı idarə edən hakimlər oyunun nəticəsinin əvvəlcədən təyin olunduğunu bilsələr və Nikantinusa qələbə verməkdən imtina etsəydilər, bu zaman Demetrius yenə də mükafatı əldə edəcəkdi.
Bu razılaşmadan arxayın olmaq üçün Nikantinusun atası müqavilə bağlayır.Əgər Demetrius müqavilə şərtlərinə əməl etməsə və qələbə qazansaydı o zaman Demetriusun məşqçiləri Nikantinusun atasına daha böyük miqdarda pul ödəməli idilər.
Papirusu tərcümə edən Londonun King's College professoru Dominik Rathbone, açıqlamasında, 3.800 drahmanın külli miqdarda pul olmadığını və həmin dövrdə o p**a yalnız bir eşşək almağın mümkün olduğunu dilə gətirdi.
Müqavilə Misirdəki “Oxyrhynchus”da - Qahirədən 160km cənub-qərbdə tapılmışdır. Bir əsrdən əvvəl tapılmasına baxmayaraq, yalnız son zamanlarda tərcümə edilmişdir.Buna qədər isə papirus Oksford Universitetindəki “Sackler” kitabxanasında saxlanılmışdır.
Professor Rathbone izah etdi ki, idmançıların təlim prosesləri çox xərc tələb etdiyindən və onlara mükafat verilmədiyindən bu yollara əl atmağa məcbur olurdular. Yarışlarda qalib gələn idmançılara böyük məbləğlərdə pullar verilməsi isə həmin dövrə görə ənənəvi hal deyildi.
Eyni zamanda mütəxəssislər arasında bu şəkildə yazılı müqavilənin niyə tərtib olunduğu haqda çaşqınlıq var idi. Çünki müqavilə öhdəlikləri yerinə yetirilmədiyi halda bu müqaviləni məhkəmədə mübahisələndirmək heç də real görünmürdü. Buna görə də, bu müqavilənin hüquqi biliyi olmayan biri tərəfindən tərtib olunduğu düşünülür.